12 Noyabr 2026, 22:46
FUTBOL
Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar. Baş məşqçi Ayxan Abbasov komandanın UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynə qarşı keçiriləcək oyuna yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını bildirib. Matc.az xəbər verir ki, mütəxəssis bu barədə qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında danışıb.
Abbasov qarşılaşmanın çətin keçəcəyini, lakin komandasının qələbəyə kökləndiyini vurğulayıb:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Daha sonra bizi Andorra millisi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna bələdik. Bakıda bu komanda ilə heç-heçə etmişdik. Düşünürəm ki, doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar.
Komanda olaraq görüşə hazırıq, əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada gərgin mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”.
Baş məşqçi oyun ərəfəsində kənar söz-söhbətlərə diqqət yetirmədiklərini, bütün fikirlərini qarşıdakı matça yönəltdiklərini də qeyd edib:
“Toplanışlar zamanı futbolçularla söhbətlərimiz olur. Müasir dövrdür, bir çox oyunçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Son görüşümüzdə də futbolçularla Lixtenşteyn yığmasının oyununu təhlil etdik. Çünki bütün diqqətimizi qarşılaşmaya yönəltmişik.
Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər və bu, normaldır. Lakin hər xırda detala diqqət yetirsək, bu, öz ziyanımıza işləyə bilər. Bizə ünvanlanan tənqidlərə ən yaxşı cavabı qələbə ilə verə bilərik”.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.








_1693746512.jpg)




