"Turan Tovuz"un müdafiəçisi Tərlan Quliyevin matc.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk Qərb derbisində səfər qələbəsi (2:1) qazandınız. Erkən qol buraxdıqdan sonra geridönüş etməyinizə nə kömək oldu?
- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. çünki "Kəpəz" də bizim kimi kubokda mümkün qədər irəliləmək istəyir. Həm bizim, həm də onlar üçün ən yaxşı nəticə əldə etməyin yolu kubokdan keçir. Gəncə klubu ilk 10-15 dəqiqəni hücumda keçirməyi xoşlayan komandadır. Onları yaxşı analiz də eləmişdik. Ancaq yenə də tez qol buraxdıq. Ardından qapımıza penalti təyin olundu. Qolla nəticələnməyən həmin penalti bizi ayıltdı, özümüzü toparladıq. Hətta ikidən də çox qol vura bilərdik.

- Penaltini matçın qırılma nöqtəsi saymaq olar?
- Məncə, xeyr. 2-3 top fərqilə geridə olanda da sona qədər mübarizə aparırıq. Epizodlara girirdik, qol vuracağımız hiss olunurdu. 4-5 yüz faizlik imkanımız oldu, ikisindən yararlana bildik.

- Runi Evanın girdiyi iki epizodda hakimdən penalti gözlədiniz. Həmin epizodları izləmisiniz?
- Hakimliklə bağlı elə bir problem yoxdu. Sadəcə, bir epizod var idi ki, məncə, orada penalti vermək olardı.

- "Turan Tovuz"un ölkə kubokunda finala qədər irəliləmək şansını necə görürsünüz?
- Ola bilsin ki, şansımız çox deyil. Dünya çempionatından misal çəkim. Kim Mərakeşin yarımfinala çıxmasını gözləyirdi? Futbolda istəmək, onun üçün də vuruşmaq lazımdır. Bərabər güclü komandaların duelində ən çox istəyən mərhələ adlayır. Nə qədər gücümüz çatacaqsa, vuruşacağıq.

- Qış fasiləsi öncəsi sizi Premyer Liqada "Neftçi" və "Qəbələ"yə qarşı iki oyun gözləyir. Bu görüşlərdə nəyə ümid edirsiniz?
- "Neftçi" ilə evdə keçirəcəyimiz oyundan xalla ayrıla bilərik. Axırıncı görüşdəki qələbədən sonra komandada əhval-ruhiyyə yaxşıdı. Düzdü, bu bizi arxayınlaşdırmamalıdı. "Neftçi" ilə matçdan ən azı 1 xal ala bilərik. Amma "Neftçi" də həmişə "Neftçi"di. Hansısa periodda 3-4 oyunu yaxşı keçirməyə bilər. Amma istənilən halda böyük klubudu.

- Baş məşqçiniz Ayxan Abbasov "Neftçi" qənimi kimi tanınır. Bu amil sizə psixoloji üstünlük vermir?
- Ayxan müəllim bizi oyunlara hazırlaşdıranda rəqibin kimliyinə fikir vermir. Bütün matçlara eyni formada hazırlaşırıq. Meydançada onun tapşırıqlarını icra eləməyə çalışırıq. Komandanı "Neftçi"yə qarşı fərqli motivasiyada hazırlaşdırmır.

- Mövsümün ilk yarısı başa çatmaq üzrədi. Komandanızın debüt mövsümündəki çıxışını necə dəyərləndirirsiniz?
- Yeni yaranmış komandayıq, problemlər çoxdu. İlk mövsümdə nəsə gözləmək məntiqli deyil. Əsas odu ki, kollektivdə mehribanlıq var, komanda görüşlərə yaxşı ab-havada hazırlaşır. Uduzanda belə, daxili atmosfer pozulmur. Bu mənada rəhbərlikdən, baş məşqçidən çox şey asılıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest