Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, bu idman növsü üzrə yarışların ikinci günündə Azərbaycan yığmasının üzvlərinin yarımfinaldakı rəqibləri müəyyənləşib.
Belə ki, ilk döyüşdə kanadalı Spenser Volcoksa qalib gələn Avropa çempionu Nurlan Səfərov (60 kq) finala gedən yolda Atiçay Foemsapla (Tailand) ilə üz-üzə gələcək. Sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov isə yarımfinalda Yassin Elouarzu (Mərakeş) sınağa çəkəcək. Birinci görüşdə Amerika Samoasını təmsil edən Falaniko Tautanı məğlub edən boksçuların dueli də sabah olacaq. İdmançılar rinqə Bakı vaxtı ilə saat 21:15-də çıxacaq.
Qeyd edək ki, boksçularımızın yarışdığı çəki dərəcəsində final döyüşləri oktyabrın 17-də keçiriləcək.