"Kəpəz" və "Neftçi"nin sabiq futbolçusu Dario Frederikonun "Səbail"ə gəlişi baş tutmaya bilər. Matc.az xəbər verir ki, bunun səbəbi braziliyalı hücumameylli yarımmüdafiəçinin hazırda şərəfini qoruduğu Tanzaniyanın "Singida Yunayted" klubu ilə müqaviləsinin olmasıdır.
 
"Səbail"in yeni baş məşqçisi Şahin Diniyev ona tanış olan vingeri "dənizçilər"in heyətində görməkdə maraqlı olsa da, indiki klubu 31 yaşlı futbolçunu buraxmaq istəmir: "Bəli, Azərbaycandan mənimlə maraqlananlar var. Təklif almışam. Amma indiki klubum məni buraxmaq fikrində deyil".
 
Xatırladaq ki, Dario 2015-2017 və 2018-ci illərdə "Kəpəz"də, 2018, 2019-2020-ci illərdə isə "Neftçi"nin formasını geyinib. O, Gəncə klubunda 50 oyuna 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıbsa, paytaxt təmsilçisində 42 oyunda meydana çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. "Trofense", "Riqa" kimi klublarda da oynamış yarımmüdafiəçi 2022-ci ilin avqust ayından "Singida Yunayted"in uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest