"Bu gün həyatımda ən gözəl günlərdən birini, birincisini yaşadım. öncə bu gözəl günü mənə yaşadan başda cənab Prezident olmaqla hər kəsə təşəkkür edirəm". Bunu matc.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib. Onların arasında veteran voleybolçumuz Şəfəq Kərimova da var.

"Təxminən 22 ildir ki, Azərbaycan voleybol ailəsinin bir üzvü kimi bu sahədə qürurla fəaliyyət göstərirəm. Voleybola Qaxda başlamışam və dörd il burada oynamışam. Sonra Bakıya gəlib səkkiz il müxtəlif klublarda və milli komandamızda çıxış etmişəm. Artıq 10 ildir ki,  AVF-nin mətbuat xidmətimdə çalışıram. Qaxdan Bakıya milli komandada oynamaq həvəsi və istəyi ilə gələn, qısa vaxt ərzində yığma komandada çıxış edən bir qızın bir gün ölkə rəhbəri tərəfindən böyük mükafata layiq görüləcəyi heç vaxt ağlına belə gəlməzdi.  Bu gün cənab Prezidentimiz tərəfindən mənə və ailəmə verilən evin sevincini və ən əsas nə qədər qürur verdiyini sözlə ifadə edə bilmirəm. Əməyi keçən hər kəsə minnətdaram" – deyə, Kərimova bildirib

Onun sözlərinə görə, dövlətin qayğısını görmək çox xoş hissdir: "İnsanın əməyinə qiymət verilməsi onu işində daha da həvəsləndirir. Bu, ölkə başçısının, dövlətin idmançılara, idman mütəxəssislərinə olan diqqət və qayğısının növbəti göstəricisidir. Bu gün mənə edilən bu dəyərli mükafat məni işimdə daha da stimullaşdırır və mən bundan sonra da voleybolumuzun inkişafı, populyarlıq qazanması istiqamətində əlimdən gələni edəcəyəm.  Hər bir voleybolçumuzun uğuruna, ümumiyyətlə voleybolumuzun hər bir nailiyyətinə daim ürəkdən sevinir, mətbuat xidmətinin əməkdaşı olaraq bu uğurların geniş işıqlandırılmasına çalışıram. Keçmiş voleybolçu kimi hər zaman hazırda karyerasını davam etdirən oyunçularımıza, eləcə də gənc və yeni başlayan voleybolçulara dəstək olmuşam, bundan sonra da olacağam. Bütün voleybolçularımıza çıxış etdikləri komandalarda, millimizdə uğurlar arzulayıram.

Bir daha cənab Prezidentə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest