Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunun bu gün keçirilməli olan "Neftçi" - "Xarı bülbül" oyunu təxirə salınıb. Matc.az saytı xəbər verir ki, buna səbəb birincilərin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdır.
 
Belə ki, "Neftçi" üzvləri xəstəlikdən əziyyət çəkdikləri üçün klub rəhbərliyi qarşılaşmanın təxirə salınması üçün Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət edib.
 
Həmin müraciətdə bildirilib ki, komandanın əksər oyunçuları ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Bu da onların məşqlərdən kənarda qalmasına gətirib çıxarıb. "Neftçi" tərəfi "Xarı bülbül"lə matçın başqa vaxta keçirilməsini xahiş edib.
 
Bu müraciəti müsbət cavablandıran AVF oyunun qeyri-müəyyən müddətə təxirə salınmasını qərara alıb.
 
Bu isə o deməkdi ki, bu gün cəmi bir oyun keçiriləcək. MOİK – "Murov" qarşılaşması saat 16:00-da başlayacaq.
 
Qeyd edək ki, dünən keçirilməli olan qadın voleybolçular arasında Yüksək Liqanın II turunun "Murov" - UNEC matçı da ikincilərin eyni səbəbdən müraciəti ilə əlaqədar təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest