13 Yanvar 2023, 20:56
TOP OYUNLARI
Bu gün Bakıda kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupun oyunları 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
Turnirin ilk matçında Böyük Britaniya və Kipr komandaları üz-üzə gəliblər. Oyundan əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib, açılış matçının iştirakçılarının dövlət himnləri səsləndirilb.
Görüş gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Hər iki komanda turnirə qələbə ilə başlamağa çalışsa da, istəyinə nail ola bilməyib. Qarşılaşma 25:25 hesabı ilə başa çatıb.
Ardınca yarışın açılış mərasimi olub. Milli musiqi sədaları altında təqdim edilən müxtəlif rəqslər, maraqlı kompozisiyalar maraqla qarşılanıb.
Açılış mərasimdən sonra meydançaya Azərbaycan və Malta milliləri çıxıblar. Dövlət himnləri səsləndirildikdən sonra mübarizəyə start verilib. AHF-nin prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun da izlədiyi oyun Azərbaycan həndbolçularının tam üstünlüyü ilə keçib. Meydançaya qələbə üçün çıxan millimiz fasiləyə 18:6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34:25 hesabı ilə qələbə qazanıblar.
Günün hər iki görüşündə sonra ən yaxşı oyunçulara xüsusi mükafatlar təqdim olunub.
Sabah saat 14:45-də Malta – Kipr, 17:00-da Azərbaycan - Böyük Britaniya görüşləri keçiriləcək.