Almaniyanın "Leypsiq" komandası ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundesliqa klubunda çıxış edən Avstriya yığmasının futbolçusu Ksaver Şlager uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi Dortmundda "Borussiya"ya 1:2 hesabı ilə uduzduqları Bundesliqanın 23-cü tur matçında zədələnib. Sağ topuğundan ciddi xəsarət alan təcrübəli oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı bildirilib.
 
Bu isə o deməkdir ki, Şlager Azərbaycan millisinə qarşı Aç-2024-ün seçmə mərhələ oyununu buraxacaq. Avstriya yığması seçmə mərhələdə martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.
 
"Leypsiq" Şlagerdən başqa Kristofer Nkunkunu da itirib. Onun da zədə səbəbindən bir neçə həftə komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Bundesliqa klubunda Deni Olmo, Abdu Diallo, Peter Qulaçi və Timo Şlik də xeyli müddətdir zədə səbəbindən komandaya kömək edə bilmirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest