Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının boks üzrə yarışlarında yarımfinal görüşləri keçirilir. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, finala gedən yolda artıq Azərbaycan millisinin hər 2 üzvü qüvvəsini sınayıb.

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) tailandlı Atiçay Foemsapla ilə üz-üzə gəlib. Avropa çempionumuz ilk görüşündəki uğurunu davam etdirə bilməyib. Yığmamızın bayraqdarı 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Səfərov medal şansını qoruyur. Həmyerlimiz 3-cü yer uğrunda misirli Marvan Mamdou Muhamedlə gücünü yoxlayacaq. Döyüş sabah yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15) başlanacaq.

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov da yarımfinalda büdrəyib. Avropa çempionatının gümüş medalçısı Yassin Elouarza (Mərakeş) məğlub olub – 1:4 (27:30, 27:30, 28:29, 28:29, 29:28). Həsənov bürünc medal üçün özbəkistanlı Caxongir Raxmonovla qarşılaşacaq. Bu döyüş də sabah olacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest