12 May 2023, 17:46
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaq. Matc.az xəbər verir ki, 100 kq-da yarışan idmançı mübarizəyə 1/6 finaldan başlayıb.
Ardıcıl olaraq Aleksandr Kukolja (Serbiya), Aaron Far (Avstriya) və Peter Palçikə (İsrail) qalib gələn Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (çexiya) qarşılaşıb.
Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidzeni (Gürcüstan) sınağa çəkəcək.
Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.
Dünya çempionatı mayın 14-də başa çatacaq.