"Bilmirəm, bu necə tendensiyadı, sanki güclü rəqiblərə qarşı oynamaq bizim üçün daha asandı, nəinki turnir cədvəlində aşağı pillələrdə gedənlərə qarşı"
“Rəqib futbolçunun baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim. Görünür ki, bu stadionda komandamı xilas etmək məndə alınmır. Təəssüf ki, səhv etdim, amma yaxşı ki, komanda məni sığortaladı və qol vuraraq heç-heçə etdik”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un qapıçısı Oleq Baklov deyib.
“Turan Tovuz” Premyer Liqanın IX turunda səfərdə “Neftçi” ilə qarşılaşdı. 1:1 hesablı bərabərliklə başa çatan oyundan sonra tacikistanlı qapıçı jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, ötən tur “İmişli”yə məğlubiyyətdən sonra komanda bu oyuna yaxşı hazırlaşmışdı: “Hər şey bizim üçün yaxşı alınırdı, rəqib də meydanda azlıqda qalmışdı. Çoxlu qol epizodumuz var idi, oyunu qələbəyə aparmağa məcbur idik. Oyuna baxsaq, bəli, bu gün 2 xal itirdik. Bilmirəm, bu necə tendensiyadı, sanki güclü rəqiblərə qarşı oynamaq bizim üçün daha asandı, nəinki turnir cədvəlində aşağı pillələrdə gedənlərə qarşı. “Neftçi” ilə görüşdə rəqib meydanda 11 nəfər olanda da üstünlük tərəfimizdə idi”.













