"Millətlər Liqasının oyunları təqvimə də təsir etməyib. Sadəcə, yoldaşlıq görüşlərini əvəzləyib".
"Millətlər Liqası turnirinin yaradılmasından məmnunam. Bunu tənqid edənləri başa düşə bilmirəm". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan kosovoluların məqsədi qrupu birinci pillədə başa vurmaqdı. Şalland yerli mətbuata açıqlamasında bu turnirin təşkil olunmasını müsbət qarşıladığını vurğulayıb: "Millətlər Liqasının oyunları təqvimə də təsir etməyib. Sadəcə, yoldaşlıq görüşlərini əvəzləyib. Bizim kimi kiçik futbol ölkələri üçün böyük xəyal yoludu. Avropa çempionatına seçmə mərhələdən vəsiqə qazanmaq çox çətindi. Millətlər Liqası bizə əlavə şans verir. Bu, həqiqətən də, maraqlı prosesdi. Əgər 2020-ci ilin martında yarımfinalda oynaya bilsək, bütün ölkə final mərhələsinin xəyalını quracaq. Ora yollanmaq Kosovo üçün fövqəladə hadisə olar".
Qeyd edək ki, D Liqasının III qrupunda Kosovo 8 xalla 1-ci, Azərbaycan isə 6 xalla 2-ci pillədə qərarlaşıb. Qrupun son matçında bu komandalar Priştinada üz-üzə gələcək.