Millətlər Liqasında qrup oyunlarının 2/3-si arxada qalıb. Matç.az saytı xəbər verir ki, arxada qalan 4 tur bəzi komandaların taleyinə aydınlıq gətirib.
 
Finalçılar sual altında
 
Yalnız A liqasının komandalarının mübarizə aparacağı final mərhələsinin 4 iştirakçısının adına noyabrda aydınlıq gələcək. Ən güclü 4 qrupdan heç birində qalib rəsmiləşməyib.
 
Digər liqalarda isə qrup qaliblərinin iştirakı ilə final mərhələsi keçirilmir.
 
Ukrayna və Gürcüstandan yüksəliş və...
 
Digər liqalarda qrup qalibi olan 12 komanda bir dəstə yüksəyə qalxmaq imkanı qazanacaq. Bu 12 xoşbəxtdən ikisi artıq dəqiqləşib. Ukrayna və Gürcüstan öz qruplarında 1-ci yeri təmin edib. Sonuncular D liqasında qazandığı uğurla gələn turnirdə C liqasında oynamaq hüququ qazanıb. Ukrayna isə B liqasında nəhənglərin yanına – A liqasına qalxmağın sevincini yaşayır.
 
... minimum pley-off
 
Qrup qalibi olan komandalar AVRO-2020-yə vəsiqələr uğrunda pley-offda da oynaya bilər. Amma onların bu yarışa qatılmaması da mümkündü. Elə Ukrayna ilə Gürcüstan da ən pis halda AVRO-2020-nin pley-off mərhələsində mübarizə aparacaq. Lakin 2019-cu ildə keçiriləcək seçmə mərhələ onların birbaşa vəsiqə qazanması ilə də nəticələnə bilər. Belə olsa Ukrayna və Gürcüstan pley-offdakı yerini başqa komandaya verəcək. Hər iki komanda maksimum final mərhələsində, minimum pley-offda olacaq. Yəni onlar üçün AVRO-2020 gələn il başa çatmayacaq, 2020-ci ildə də məsul oyunlar davam edəcək.
 
Onlara nəhənglər arasında yer yoxdu
 
Artıq iki komandanın qrup sonunculuğu da rəsmiləşib. Hər iki uğursuz A liqasında 3-cü yeri tutub. Bununla da Polşa və İslandiya növbəti turnirdə B liqasında oynamalı olacaq. Bu uğursuzluqdan sonra onlara nəhənglər arasında yer yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest