27 Mart 2019, 11:17
DÖYÜŞ NÖVLƏRİ
Portuqaliyanın çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək. Matc.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış martın 29-30-da baş tutacaq.
Turnirdə ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.
Qeyd edək ki, Dünya Seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada olacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq Dünya çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.