"Neftçi İdman Klubu" 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimovun səsləndirdiyi ittihamlarla əlaqədar bəyanat yayıb. Matc.az saytının məlumatına görə, rəsmi açıqlamada sabiq para-cüdoçunun müsahibəsindəki fikirlərin böyük təəccüb və təəssüf hissi ilə qarşılandığı vurğulanıb. İbrahimov məşqçi işləmək üçün sənədlərini verdiyini, ancaq üç ildir gözləsə də, indiyə qədər işə düzələ bilmədiyini söyləyib. 

"Neftçi" isə bəyan edib ki, keçmiş para-cüdoçunun indiyədək qazandığı titullarda, eləcə də onun paralimpiya çempionu olmasında klub danılmaz rola və misilsiz xidmətlərə malikdir: "İbrahimov "Neftçi"də paralimpiyaçılara necə qayğı ilə yanaşıldığının canlı şahididir. Digər tərəfdən, o, hazırda paralimpiya cüdosu üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisidir. özü də çox gözəl bilir ki, klubumuz həmin komandanın, kişilərdən ibarət paralimpiya millimizin, eləcə də digər idman növləri üzrə mübarizə aparan çoxsaylı paralimpiyaçıların respublikadaxili və beynəlxalq yarışlarda iştirak etməsi üçün hər cür dəstəklə yanaşı, maddi köməkliklər də göstərir və göstərməkdədir. Para-cüdo milli komandalarının da bütün təlim-məşq toplanışlarının təşkilinə də xüsusi həssaslıqla yanaşır və maddi köməklik göstəririk. Təbii ki, bunu Milli Paralimpiya Komitəsinin rəhbərliyi də təsdiqləyə bilər. Elə İbrahimovun özü də idmançı karyerasını başa vurana qədər "Neftçi İdman Klubu"ndan maaş aldığını çox güman ki, unutmayıb. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və hazırda idmançı karyerasını davam etdirən digər para-cüdoçularımız indi də klubumuzdan əməkhaqqı alırlar. Bu gün də klubumuzun üzvü olan, nəinki cüdo, digər idman növləri üzrə çoxlu sayda paralimpiyaçılar var ki, müxtəlif sahələrdə çalışmalarına baxmayaraq, idmançı karyeralarını davam etdirdiklərinə görə bizdən maaş alırlar. Nəhayət, İbrahimov müsahibəsində etiraf edir ki, özünün klubu mövcuddur. Belə olduğu halda, qadınlardan ibarət milli komandanın baş məşqçisi olan və klub sahibi olduğunu etiraf edən şəxsin özünü işsiz adlandırmasını hansı məntiqə sığışdırmaq olar?" 

"Neftçi" İbrahimovu həqiqəti əks etdirməyən fikirlər səsləndirdiyinə görə qınayır, onu bir qədər geri boylanmağa və populyarlaşmasında böyük pay sahibi olan sabiq klubuna qarşı ədalətli olmağa çağırır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest