"İlk günlərlə müqayisədə indi daha təcrübəliyik. 2-3 ildən sonra böyük turnirlərin seçmə mərhələsində birinci yer uğrunda yarışacağıq. Avro-2020 isə bizim üçün həqiqətə yaxın xəyaldı". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının kapitanı Samir Uykani deyib.

Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo 4 turdan sonra D Liqasının III qrupuna başçılıq edir. Yığmamızın qrupdakı əsas rəqibinin hədəfi Avropa çempionatının final mərhələsinə vəsiqədi.

Uykani isə bir neçə ildən sonra daha böyük komanda olacaqlarını düşünür. 30 yaşlı qapıçı UEFA-nın rəsmi saytına açıqlamasında hazırda öyrənmə mərhələsində olduqlarını söyləyib: "Azarkeşlərimiz ilk vaxtlar səbirsiz idilər, bizdən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağı tələb edirdilər. Ancaq bunu gözləmək yersiz idi. Böyük öyrənmə mərhələsindəyik. Biz hələ öyrənmə mərhələsindəyik. Rəqibə və zamana qarşı. Məsələn, bir neçə həftə əvvəl Azərbaycanla səfər görüşündə rəqibin təzyiqindən qurtulmaq üçün müdafiədə oturub, topu uzaqlaşdırmaqla məşğul idik. Bu, mənim və komandam üçün yaxşı dərs idi. İndi daha az risk edirik, hücum və müdafiə arasında balans yaradırıq".

Qeyd edək ki, sentyabrın 7-də Bakıda keçirilən Azərbaycan – Kosovo qarşılaşması qolsuz bərabərliklə nəticələnib. Bu komandalar arasında növbəti matç noyabrın 20-də Priştinada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest