"Buxarestdə federasiyamızın rəhbəri Namiq Əliyev UWW-nin rəhbər şəxsləriylə məhsuldar görüşlər keçirdi, gələcək planlar müzakirə olundu". Matc.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.
O, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamızın çıxışını dəyərləndirib.
Umudov bunun böyük uğur olduğunu bildirib: "Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdi. 3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələriylə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq. Bizə qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Hər zaman bizi diqqət mərkəzində saxlayan cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik".
Vitse-prezident bununla kifayətlənməcəyəklərini və qarşıdakı mötəbər yarışlarda da eyni nailiyyəti təkrarlamaq niyyətində olduqlarını vurğulayıb: "Bu yarışda medalsız qalan güləşçilər ruhdan düşməsin. İşləmək lazımdı. Baş məşqçi Saypulla Absaidov başda olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi 2-ci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu məsul yarışlarda da uğurlu çıxış edəcəyik".