01 Aprel 2024, 14:00
FUTBOL
"Çox iyrənc bir penalti qərarı idi. Fikir verin, Kamranbəy Rəhimov uzun müddətdir ki, cəzalı idi. İndi onu məhz bu oyuna verirlər"
Ötən gün Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçındakı (1:0) hakimlik xeyli müzakirələrə səbəb oldu. Oyunun baş hakimi Kamranbəy Rəhimovun “Araz-Naxçıvan”ın qapısına verdiyi penalti qərarı isə təəccüb doğurdu. Maraqlıdır ki, epizoda VAR-da baxılsa da, yenə qərar dəyişmədi və “Sumqayıt” həmin penalti ilə 1:0 hesablı qələbə qazandı.
AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov qol.az saytına açıqlamasında Kamranbəy Rəhimovun penalti qərarını biabırçılıq adlandırıb:
“Heç o epizodu şərh etməyə dəyməz. Çox iyrənc bir penalti qərarı idi. Fikir verin, Kamranbəy Rəhimov uzun müddətdir ki, cəzalı idi. İndi onu məhz bu oyuna verirlər. Üstəlik, VAR-da oturan Cavid Cəlilov Hakimlər Komitəsində departament rəhbəridir. Oyunun hakim-inspektoru isə Hakimlər Komitəsinin sədri Barış Şimşək idi. Vallah, biabırçılıqdır. Özüm hakimlərin yerinə utandım. Bunlar nə etmək istəyir? İndiyədək həmişə çalışmışam ki, bunları müdafiə edim. Amma görürəm ki, doğrudan da 2-3 klubu həyasızcasına yuxarı dartırlar. Dünən özləri bunu təsdiq etdilər”.
X.Məmmədov Kamranbəy Rəhimovun hakimlik istedadı olmadığını iddia edib: “Mən nə qədər deməliyəm ki, Kamranbəy hakim deyil? O, mənim vaxtımda başlamışdı hakimliyə. İstedadı yox idi. Ona görə göndərdim aşağı liqalara. Gətirdilər çıxardılar yenə Premyer Liqaya. İndi də tez-tez belə kobud səhvlər edir. Yaxşı, bu səhv edir, bəs VAR-da nəyə baxırlar? “Sumqayıt”ın futbolçusu qapıçıya çatmamış topa zərbə endirir, daha sonra 2-3 addım atır və özünü çırpır rəqib qapıçıya. Yazıq qapıçı ayağını da yığır, bədənini də ki, rəqibə toxunmasın”.
X.Məmmədov qeyd edib ki, yeni AFFA rəhbərliyi ilk növbədə hakimliklə bağlı tədbir görməlidir: “Əgər AFFA-ya gələn yeni rəhbərlik hakimliklə bağlı tədbir görməsə, futbol dirçəlməyəcək. Çox vaxt uşaq futbolundan danışırıq, amma futbolun inkişafı hakimlikdən çox asılıdır. Nə qədər qeyri-obyektiv olacaqsansa, futbol inkişaf etməyəcək. Mən hakimliyi tənqid etməyi heç istəmirəm, amma özləri buna məcbur edirlər”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Qaydalara görə, hakimlərə idarə etdiyi oyunla bağlı fikir bildirmək qadağan edilir.