Böyük komandalarla eyni arenada mübarizə aparmaq Azərbaycan futbolunun inkişafına töhfə verir. Belə qarşılaşmalarda müsbət və mənfi məqamlar düzgün təhlil olunmalı, əldə edilən təcrübə növbəti oyunlarda nəzərə alınmalıdır.
Matc.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin və “Barselona”nın keçmiş qapıçısı Rüştü Reçber Çempionlar Liqasının V turunda bu gün Bakıda “Sabah”la Kataloniya klubu arasında keçiriləcək oyunla bağlı danışarkən deyib.
Veteran qolkiper bildirib ki, bu cür rəqiblərlə qarşılaşmaq həm klubun nüfuzu, həm də futbolçuların öz səviyyələrini qiymətləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Belə böyük komandalarla oynamaq klub üçün böyük prestijdir. Eyni zamanda, futbolçuların öz səviyyələrini görməsi və inkişaf etməsi baxımından mühüm meyardır. Nəticə etibarilə, bu, böyük təcrübədir. Əsas qazanc isə belə oyunlarda yaxşı və zəif tərəfləri təhlil edərək onları gələcək qarşılaşmalarda yol xəritəsi kimi istifadə etməkdir. Hər bir futbolçu karyerası ərzində böyük oyunlarda iştirak edir. Lakin böyük klublara qarşı keçirilən matçlar onlara daha çox şey öyrədir”.
Rüştü Reçber “Barselona” ilə qarşılaşmada “Sabah”ın şanslarını da dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi rəqibin sürətli oyununa qarşı düzgün müdafiə olunmalı və matç ərzində mübarizə əzmini itirməməlidir: “Əlbəttə, baş məşqçi bu oyunla bağlı təhlillər aparıb, hazırlıq işləri görüb. Ancaq hamımız bilirik ki, “Barselona” dar sahələrdə də oynamağı bacaran, meydanın hər hissəsində keyfiyyətli futbolçulara malik komandadır.
“Sabah” topu itirdiyi zonalarda boşluqları bağlayaraq müdafiə oluna və “Barselona”nın sürətli oyununa çevik şəkildə cavab verə bilsə, rəqibi müəyyən qədər zərərsizləşdirə bilər. Söhbət fərdi keyfiyyətləri və böyük istedadı olan ulduz futbolçulara malik “Barselona”dan gedir. Belə komandalarla mübarizə aparmaq asan deyil. Lakin ilk növbədə, matç ərzində rəqibə qarşı müqavimət göstərə biləcəyinizi nümayiş etdirməlisiniz. Heç vaxt oyundan qopmamaq da çox vacibdir.
Təbii ki, belə rəqiblərlə oyunlarda qol buraxmaq ehtimalı həmişə var. Əsas məsələ qol buraxdıqdan sonra mübarizə əzmini itirməməkdir. “Sabah” bunu bacararsa, qarşılaşmadan istədiyi nəticəni əldə etmək şansı yüksək olacaq”.
Rüştü Reçber “Barselona” ilə yanaşı, Türkiyədə “Fənərbağça” və “Beşiktaş”ın da formasını geyinib. O, Türkiyə millisinin heyətində 2002-ci il dünya çempionatında, 2003-cü il Konfederasiyalar Kubokunda və 2008-ci il Avropa çempionatında bürünc medal qazanıb (Azərtac).
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.













