FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara 96 ilədək müddətə satmağı nəzərdən keçirib.
Matc.az xəbər verir ki, bu barədə “The Guardian” təşkilatın sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, nəzərdə tutulan razılaşma çərçivəsində lisenziya hüquqlarının 12 illik dövrlərlə verilməsi, müqavilənin isə 96 ilədək uzadılması mümkün olub. Kommersiya aktivlərini idarə etmək üçün FIFA Forward Enterprise (FFE) adlı strukturun yaradılması planlaşdırılıb. FIFA-nın bu qurumda müddətsiz olaraq 51 faiz paya sahib qalması nəzərdə tutulub.
Sənədlərdə təşkilat rəhbərliyinin layihənin dəyərinin 5 faizdək hissəsi həcmində bonus əldə edə biləcəyi də qeyd olunub. FIFA-nın xidməti memorandumunda belə mükafatlandırma sisteminin rəhbər şəxslərin motivasiyası üçün vacib olduğu bildirilib.
Bundan əvvəl FIFA-nın yeni strukturun səhmlərinin təxminən 20 faizini özəl investorlara satmaqla 4,2 milyard dollar cəlb etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Potensial alıcılar arasında ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin investisiya fondu da göstərilib.
KİV-in məlumatına görə, layihənin həyata keçirilməsi İnfantinonun illik gəlirini 3 milyon avrodan 30 milyon avroyadək artıra bilərdi. Lakin UEFA-nın dünya çempionatı da daxil olmaqla, FIFA turnirlərini boykot edə biləcəyi ilə bağlı xəbərdarlığından sonra təşkilat prezidenti kommersiya hüquqlarının bir hissəsinin satışından imtina etdiyini açıqlayıb.
Sonradan İnfantinonun Kuşner ailəsi ilə 20 milyard dollar dəyərində sövdələşmə barədə 10 ay ərzində qapalı danışıqlar apardığı da bildirilib.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, növbəti müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Təşkilat rəhbərinin seçkiləri 2027-ci il martın 18-də Rabatda keçiriləcək FIFA Konqresində baş tutacaq.












_1694603125.png)
