Azərbaycanın və "Qəbələ" İdman Klubunun döyüşçüsü Nəriman Abbasov "Fight Night Global" beynəlxalq MMA təşkilatının çempionu adı uğrunda mübarizə aparacaq. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yüngül çəki dərəcəsində çıxış edən idmanç kəmər uğrunda döyüşdə qazaxıstanlı Kuat Xamitovla üz-üzə gələcək.

Abbasov döyüşə hazırlıq barədə fikirlərini gabalafc.az-a açıqlayıb: "Fight Night"ın çempionluq kəməri uğrunda döyüşə hazırlaşıram. Hazırlıq prosesi baş məşqçim Şəhriyar Abbasovun rəhbərliyi altında gerçəkləşdirirəm. Məşq prosesi yüksək səviyyədə, planlı şəkildə davam edir".

Nəriman titul qazanmağın vacibliyini də vurğulayıb: "Mənim üçün çox vacib döyüşdü. Bu, həyatımın ən vacib yarışıdı. Neçə illərdi buna görə məşq edib çalışırıq. Düzdü, artıq bir dəfə - 2016-cı ildə kəmər uğrunda döyüşmüşəm. Amma onda istəyimə çata bilmədim. Bu dəfə isə qalib gəlmək lazımdı".

Abbasov rəqibini analiz etdiklərini də bildirib: "Rəqibimin döyüşlərini görmüşəm, videolarını izləmişəm. Məşqçimlə onun güclü, zəif tərəflərini təhlil etmişik. Bu haqda danışmaq istəməzdim".

İdmançı gələcək planlarını da açıqlayıb: "Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdı. özümü bu nüfuzlu yarışda da sınamaq istəyirəm. Bu ilin yanvarında Tailandda toplanışda oldum. Həmin vaxt UFC-də döyüşən idmançılarla məşq keçir, sparrinq döyüşlər edirdik. Onlar da bizim kimi idmançılardı. Hətta UFC təmsilçilərini üstələyirdim. Yarışın nüfuzlu olması o demək deyil ki, oradakı idmançılar daha güclüdülər. Amma öncə "Fight Night"ın kəməri qazanmaq lazımdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest