Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramimin matc.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasını diqqətdə saxladığınızı bilirik. Sizcə, hansı komandalar Avropa və Konfrans Liqasına gedəcək?

- Adını çəkdiyiniz turnirlərə Azərbaycanın 3 komandası gedəcək və bunlarda ikisi “Zirə” ilə “Sumqayıt” olacaq. Düzdü, “Zirə” son turda sürpriz məğlubiyyətlə üzləşdi. Bununla belə, onların və “Sumqayıt”ın avrokuboklarda Azərbaycanı təmsil edəcəyini düşünürəm. Çünki hər ikisi intizamlı oyuna üstünlük verir. Avrokuboklara gedəcək 3-cü komandanın adını təxmin etmək isə mənim üçün çətindi.

- “Qarabağ”ın 8 tur öncədən çempionluğu təmin etməsi Premyer Liqanın nüfuzunu aşağı salmır?

- Bugünkü gündə Azərbaycan çempionatında “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdu. Məncə, bir komandanın çempionluğu vaxtından əvvəl təmin etməsi liqanı maraqsızlaşdırır. Bundan əlavə, danışdığımız məqam yığma səviyyəsində yeni futbolçuların üzə çıxması prosesinə də mənfi təsir göstərir. Çempionatın güclü və maraqlı olması üçün rəqabətli, ağır oyunların sayı artmalıdı. Güclü komanda sayı nə qədər çox olsa, milliyə futbolçu seçimi də bir o qədər rəqabətli keçər.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı “Beşiktaş”la birgə hallanmaqdadı. Sizcə, o, Ağdam klubunda qalmalıdı, yoxsa ölkə xaricinə çıxmalı?

- Bu, Qurbanovun verə biləcəyi qərardı. Belə məsələlərdə şəxsi həyat amili də rol oynayır. Məncə, Azərbaycan çempionatında Qurbanov üçün rəqabət qalmayıb. O, ölkə daxilində bütün mümkün titulları qazanıb, özü də dəfələrlə. Bəlkə millini çalışdırsa, onun üçün yeni həyəcan yarana bilər. Əgər Qurbanov yeni çağırışa ehtiyac duyursa, onda “Beşiktaş” variantı əladı.

- “Neftçi”də tez-tez baş məşqçi dəyişikliyi olsa da, komanda əvvəlki əzəmətinə qayıda bilmir...

- “Neftçi” köklü klubdu. Onlar klubun tarixindən xəbərdar olan məşqçi gətirməlidilər. Futbolçu seçərkən də bu məqam nəzərə alınmalı, komandanın tarixini bilən oyunçular transfer edilməlidi. Oyunçunu təkcə CV-nə baxmaqla yox, onu hərtərəfli araşdırmaqla transfer etmək lazımdı. “Neftçi” “Qarabağ” səviyyəsində, hətta ondan da yuxarı səviyyədə oyunçular almalıdı, çünki klubun büdcəsi buna imkan verir.

- Necə düşünürsünüz, son turda uduzan “Zirə” mövsümü ikinci pillədə bitirə biləcək?

- Məncə, bitirə biləcək. “Zirə”nin çox güclü müdafiə xətti var. Bu, komandaya hücum etmək üçün möhkəm inam verir. “Zirə”nin mövsümü ikinci pillədə bitirəcəyinə inanıram.

- “Qəbələ”nin mövsümü sonuncu pillədə başa çatdıracağı təsdiqini tapdı. Sizcə, əla infrastruktura malik klubun aşağı liqaya yuvarlanması Azərbaycan futbolunun ziyanına olmayacaq?

- “Qəbələ”nin bu hala düşməsi məni çox məyus etdi. Azərbaycanda oynadığım son illərdə bu komandanın necə qurulduğunu gördüm. “Qəbələ” heyrətamiz layihə idi. Bu illər ərzində avrokuboklarda da yaxşı nəticələrə imza atmağı bacardılar. İndi isə komanda ağır vəziyyətdədi. Məyusedicidi! Ancaq futbolda gedənlər bir gün geri gəlirlər. Dua edirəm ki, bəlkə bir gün “Qəbələ”, həmçinin “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və digər tarixi komandalar qayıdacaq, Azərbaycanda futbola maraq daha da artacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest