Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb. Matç.az saytı xəbər verir ki, mundialın ilk günündə sərbəst güləşçilər 61, 74, 86 və 125 kq çəki dərəcələrində medallar uğrunda mübarizəyə başlayıb. 

Azərbaycan millisi üçün çempionat uğursuz start götürüb. 4 güləşçimizdən ikisi – Murad Süleymanov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ilk qarşılaşmada uduzub.

Pərviz İbrahimov (61 kq) təsnifat mərhələsində qalib gəlsə də, 1/8 finalda mübarizəni dayandırıb.

Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov da böyüklərin mundialında ümidləri doğrultmayıb. Ardıcıl iki qələbəylə 1/4 finala yüksələn güləşçimiz yarımfinalın bir addımlığında məğlubiyyətə üzülüb.

O, yarışın ikinci günündə də xalça üzərinə çıxıb. Təsəlliverici döyüşdə isə 0:7 hesablı yenilgi onun bürünc medal ümidinin üstündən xətt çəkib. Nəticədə Abubakr mundialı 7-ci yerdə başa vurub.

Sərbəst güləş üzrə dünya çempionatı

61 kq

1/8 final - Pərviz İbrahimov - Kazuya Koyanaqi (Yaponiya) 4:9
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (Kanada) 8:6

74 kq
Təsəlliverici görüş - Abubakr Abakarov - Bekzod Abdurrahmanov (özbəkistan) 0:7
1/4 final - Abubakr Abakarov - Avtandil Kentçadze (Gürcüstan) 2:5
1/8 final - Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (Monqolustan) 6:5
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İsrail) 10:0

86 kq
Təsnifat - Murad Süleymanov - Dauren Kuriqliyev (Rusiya) 0:7

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (Belarus) 3:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest