FIFA İntizam Komitəsi Kanadanın qadın futbol komandası barədə araşdırmaya başlayıb. Matc.az xəbər verir ki, buna səbəb adıçəkilən yığma üzvünün Parisdə startı verilən Yay Olimpiya Oyunlarına hazırlıq zamanı Yeni Zelandiya məşqini pilotsuz uçan dronla izləməsi olub.
Kanada yığmasının baş məşqçisi Beverli Pristman, köməkçi məşqçi Jasmin Mander və analitik Cozef Lombardi intizam məcəlləsini pozmaqda günahlandırılırlar.
Dron oyundan bir gün əvvəlki məşq zamanı Yeni Zelandiya yığmasının Sent-Etyendəki bazası üzərində uçarkən görüntülənib. FIFA-nın rəsmi saytında qeyd edildiyi kimi, dron Kanada nümayəndə heyətinin akkreditə olunmamış üzvü tərəfindən çəkiliş üçün istifadə edilib.
Mander və Lombardi artıq yığmanın düşərgəsini tərk ediblər. Həmçinin Pristman da bugünkü oyunda komandaya rəhbərlik etməyəcək. Onun vəzifəsini Endi Spens yerinə yetirəcək.
Qeyd edək ki, bu gün qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kanada – Yeni Zelandiya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.