İngiltərənin əfsanəvi futbolçusu Maykl Ouen Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində bu gün keçiriləcək oyunlarla bağlı proqnoz verib. Matc.az saytı xəbər verir ki, sabiq hücumçu Britaniya KİV-lərindən birinə yazdığı məqalədə cütləri dəyərləndirib.
Ouenin fikrincə, Premyer Liqada "Uotford" üzərində qələbədən sonra çempionlar Liqasına vəsiqəni təmin edən "çelsi" bu uğurunu Avroliqada da davam etdirəcək. O, hazırda yaxşı formada olan "zadəganlar"ın "Ayntraxt"a qalib gələcəyini düşünür: "çelsi" öz meydanında almanlara uduzmur. "Ayntraxt" isə çox qol buraxması ilə diqqət çəkir. Onların Bundesliqanın son turunda "Bayer"ə böyükhesablı məğlubiyyətini (1:6) xatırlatmaq kifayətdi. Hiss edirəm ki, "çelsi" ayın sonunda Azərbaycanda olacaq və final matçına çıxacaq".
Keçmiş "Liverpul"lu İngiltərənin Avropa Liqasındakı digər təmsilçisi "Arsenal" haqda isə bədbin fikirlər səsləndirib: "Mestalya"dakı oyundan qorxuram. "Topçular"ın qol vurması çox vacibdi. İspaniya səfəri "Arsenal" üçün adətən uğursuz alınır. "Valensiya" isə öz meydanında yaxşı çıxış edir. Fikrimcə, "yarasalar" doğma azarkeşlərinin dəstəyi ilə qalib gələcək".
Ouenin proqnozuna görə, "çelsi" "Ayntraxt"a 3:1, "Valensiya" isə "Arsenal"a 2:0 hesabı ilə qalib gələcək. Əgər onun dediyi kimi olsa, mayın 29-da Bakı Olimpiya Stadionunda "çelsi" ilə "Valensiya" final görüşünə çıxacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarında "Arsenal" 3:1 hesablı qələbə qazanıb, "çelsi" isə Almaniyadan qollu bərabərliklə (1:1) dönüb.