çempionlar Liqasından sonra Avropa Liqasında da İngiltərə klubları finala vəsiqə qazanıb. Matc.az saytının məlumatına görə, yarımfinal mərhələsində "Arsenal" "Valensiya"nı (3:1, 4:2), "çelsi" isə "Ayntraxt"ı (1:1, 1:1, penaltilərlə 4:3) üstələyib.
Dünən baş tutan qarşılaşmalardan sonra qalib komandaların baş məşqçiləri və futbolçuları mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünə vəsiqə qazandıqları üçün sevinc hisslərini mətbuatla bölüşüblər.
Unay Emeri ("Arsenal"ın baş məşqçisi): "Rəqib hesabı açdıqdan sonra belə, sakit davranmalı, emosiyalarımıza nəzarət etməli olduğumuzu bilirdik. "Valensiya"ya 4 qol vurmaq çox çətindi. çünki rəqib çox yaxşı təşkilatlanmış komandadı. Bilirdik ki, hücumçularımız ələ düşən imkanlardan yararlanacaqlar. Oyunçularımla və azarkeşlərimizlə qürur duyuram. Futbolçularımız əllərindən gələni etdilər, klubumuzla fəxr edə bilərik. Bu turnirdəki keçmiş uğurlarım mənə böyük təcrübə qazandırıb. Finalda oynamaq çox çətindi. Biz bugükünkü uğurumuzdan məmnunuq".
Petr çex ("Arsenal"ın qapıçısı): "Finala adlayan hər komanda buna layiqdi. Bakıda sabiq komandam "çelsi" ilə üz-üzə gəlmək karyeram üçün gözəl sonluq olacaq. Təcrübəm və məşqlərimlə oyunun tempini kompensasiya edə bilirəm. Komandanın məşqlərdəki performansı həlledici olur. Meydanda və ya ehtiyatda yer almağımdan asılı olmayaraq, həmişə eyni davranıram. Finala hazıram. 4-cü qoldan zövq aldım, çünki artıq finalda oynayacağımıza əmin idim. Son xəyalım avrokubokda final oynamaq idi. Bu da Bakıda reallaşacaq. İndi isə kubokla vidalaşmağı arzulayıram".
Pyer-Emerik Obameyanq ("Arsenal"ın hücumçusu): "Bu qələbə mənim üçün çox dəyərlidi. ötən mövsümdən yaxşı dərs çıxarmışıq. Bu il eyni səhvləri etmədik. Artıq finaldayıq. Belə qələbələr qazandıqca Lyakazettlə birlikdə oynamaq mənə zövq verir. Finalda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Aleksandr Lyakazett ("Arsenal"ın hücumçusu): "Erkən qol buraxsaq da, dərhal cavab verdik. Başa düşürdük ki, bu gün ən azı 1 qol vurmalı idik. Obameyanq inanılmaz çıxış etdi və het-trikə imza atdı. Ona "sağ ol" düşür. Keçən ay Premyer Liqada zəif nəticələr göstərdik. İndi Bakıdakı finalda fürsətdən istifadə etməliyik. Həm mövsümü titulla tamamlamaq, həm də gələn mövsüm çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Bu üzdən finalda qələbə şərtdi".
Mauritsio Sarri ("çelsi"nin baş məşqçisi): "Açıq oyunda rəqib çox təhlükəli idi. Biz birinci hissədə ikinci qolu vura bilmədik. Daha sonra problemlər yaşadıq. Cavab görüşü bizim üçün yaxşı nəticələndi. Əlavə edilmiş vaxtda hər iki komanda yorulmuşdu. Sadəcə, möhtəşəm oyun oldu. İngiltərədəki rəqabət səviyyəsinin çox yüksək olduğunu bilirik. İngiltərə Liqa Kubokunda finala çıxmaq üçün "Liverpul" və "Tottenhem"i mübarizədən kənarlaşdırmışdıq. Hansı ki, onlar çempionlar Liqasının finalçılarıdı. Finalda isə Avropanın ən güclüsü olan "Mançester Siti" ilə qarşılaşmışdıq. İngiltərə klublarının mövsümün sonunda bu pilləyə gəlməsi böyük işdi. çünki bu ölkədə mövsümboyu daha çox oyun olur. Bu gün 61-ci matçımıza çıxdıq. İtaliyada isə mövsüm ərzində 50-52 oyun keçirirlər. Arada böyük fərq var".
Kepa Arrisabalaqa ("çelsi"nin qapıçısı): "Penaltilərdə hər zaman bəxt böyük rol oynayır. Bu gün qalib gəldik, ancaq İngiltərə Liqa Kubokunu bu şəkildə uduzmuşduq. Futbolda belə hallar olur. Qüvvətli komandaya qarşı çox yaxşı oyun sərgilədik. Finala adladığımız üçün xoşbəxtik. Hər oyundan əvvəl penalti zərbələrinə hazırlaşırıq. Bu gün bəxt bizim tərəfimizdə idi. "Uembli"dəki liqa kuboku finalından özüm üçün dərslər çıxarmışdım. Bu gün başqa oyun idi və finala çıxmaqdan məmnunuq. Ağır mövsüm keçirdik, iki turnirin finalına yüksəldik, çempionlar Liqasına vəsiqə qazandıq. Fikrimcə, uğurlu mövsümdü. Bakıda bizi ağır London derbisi gözləyir".
Eden Azar ("çelsi"nin yarımmüdafiəçisi): "İlk hissədə daha yaxşı idik. Ancaq bu mövsümün çox oyununda olduğu kimi, yenə ikinci hissənin əvvəllərində qol buraxdıq. Sonda şanslar yarı-yarıya idi. Yaxşı oynamasaq da, müsbət nəticə qazana bildik. Bu klub üçün titullar qazanmaq istəyirəm. Əgər Bakıdakı final "çelsi"nin heyətində son oyunum olsa, əlimdən gələni edəcəm. Əgər son matçın deyilsə, yenə eyni formada mübarizə aparacam".