2017-ci ildə bədii gimnastika üzrə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Tabea Alt, yığmanın məşqçilərini zorakılıqda ittiham edib.
Matc.az xəbər verir ki, idmançı sosial şəbəkələrdə məşqçilər tərəfindən pis rəftara məruz qaldığı barədə məlumat paylaşıb.
"Sağlamlığıma qarşı həkimlərin tövsiyələrinə məhəl qoymadan, bilərəkdən hərəkətlər edilirdi. Sınıqlarım olmasına baxmayaraq məni fiziki məşqlərə məcbur edirdilər və yarışlara göndərirdilər. Bu dəfələrlə baş verirdi. Qida pozuntuları, cəzalar, ağrıkəsicilərin istifadəsi, təhdidlər və təhqirlər gündəlik həyatımın bir hissəsi idi", - deyə o yazıb.
Almaniya Gimnastika Federasiyası 24 yaşlı idmançıya qarşı irəli sürülən fiziki və psixoloji zorakılıq ittihamları ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Tabea Alt 2021-ci ildə, 21 yaşında davamlı zədələr səbəbindən karyerasını başa vurub.