23 Noyabr 2026, 10:42
FUTBOL
“Barselona”nın prezidenti Joan Laporta cari mövsümün Kataloniya klubu üçün uğurlu keçəcəyinə inandığını bildirib. Matc.az saytının “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, klub rəhbəri bu fikirləri Nyu-Yorka səfəri zamanı, üçüncü “Yohan Kroyff” xatirə tədbiri çərçivəsində səsləndirib.
Laporta komandanın qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi potensiala malik olduğunu vurğulayıb:
“Bu il “Barselona”nın ili olmalıdır. Baş məşqçi, onun məşqçi heyəti və fizioterapevtlər bunu yaxşı anlayırlar. Amma ən əsası, futbolçuların özləri də qarşıda duran vəzifələrin fərqindədirlər.
Biz hər il heyətimizi gücləndirmişik. Bu mövsüm komandaya qayıdan futbolçular kollektiv daxilində rəqabəti daha da artırıblar. Heyətimizdə iki, hətta üç fərqli mövqedə oynaya bilən futbolçular var. Hazırda bütün diqqətimizi qarşımızdakı hədəflərə yönəltmişik”.
Qeyd edək ki, “Barselona” rəhbərliyi cari mövsümdə komandanın həm daxili yarışlarda, həm də avrokuboklarda uğurlu çıxış etməsini hədəfləyir.













