“Qarabağ” - “Kəpəz” oyunundan (5:1) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb: “Çox az vaxtdır toplaşmışıq. Çalışdıq ki, futbolçular özlərini rəsmi oyundakı kimi hiss etsinlər. Hər birinə 45 dəqiqə oynamaq imkanı verdik. Tapşırdıq ki, tələsməsinlər, bir az ehtiyatlı olsunlar. Artıq yanvarın 17-də çempionatın ikinci yarısı başlayacaq. Hazırlaşmaq üçün vaxtımız azdır. İndiki durumda futbolçuları yüksək sürətdə oyunlara hazırlamaq böyük risk olar. Məncə, faydalı oyun oldu. Təklifimizi qəbul etdiyi üçün “Kəpəz” rəhbərliyinə və baş məşqçisinə təşəkkür edirəm. Qarşıdakı rəsmi matçlara komandanı hazırlamağa çalışacağıq”.
Baş məşqçi zədəli futbolçuların son durumu barədə də məlumat verib: “Bədavi Hüseynov kollektivlə məşqlərə hələ başlamayıb. Bəhlul Mustafazadə və Marko Veşoviçə bu gün 20-25 dəqiqə oynamaq üçün şərait yaratdıq. Abdullah Zubirin hərarəti var idi. Buna görə də komanda ilə məşqə çıxmamışdı. Əməliyyat olunan Aleksey İsayev isə komanda ilə birgədir. Ümumilikdə ayın sonuna kimi hər şeyin qaydasına düşəcəyinə inanırıq”.
Qurban Qurbanov əsas komandaya cəlb olunan akademiyanın gənclərinə də tövsiyə verib: “Akademiyanın bir neçə oyunçusu bizimlə məşqlərdə tez-tez iştirak edir. Məncə, üzərlərində daha çox çalışmalıdırlar. İstəkli və çalışqandırlar. Daha diqqətli olmalıdırlar”.