“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyevin müsahibəsi

- Misli Premyer Liqasının 30-cu turunda “Sabah”la oyunda hesabda geri düşsəniz də, 90 dəqiqənin yekununda meydanı qalib tərk edə bildiniz. Bununla həm də 3 oyunluq qələbəsizlik seriyasına son qoydunuz…
- Bilirdik ki, “Sabah”la oyun çətin keçəcək. Həftə boyunca bu görüşə hazırlaşmışdıq. Azarkeşlərimizin önündə oynamaq bizim üçün həmişə motivasiya olub. Qələbə qazanaraq onları sevindirmək istəyirdik. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi alındı.

- Sizcə, rəqib ikinci hissəni azlıqda keçirməsəydi, yenə qələbə qazana biləcəkdiniz?
- Əlbəttə, azlıqda qalmaqları bizim üçün yaxşı oldu. Qırmızı vərəqə almasaydılar, necə olacağını demək çətindir. Amma biz yenə də qələbə qazanmağa çalışacaqdıq.

- Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Qalib gələcəyiniz təqdirdə, rəqiblə aradakı xal fərqini azaldacaqsınız. Bu görüşdən gözləntiniz nədir?
- Hər oyuna olduğu kimi, bu matça da qələbə qazanmaq üçün çıxacağıq. İnşallah, hər şey istədiyimiz kimi olar və meydanı 3 xalla tərk edərək, xal baxımından “Araz-Naxçıvan”a bir qədər də yaxınlaşarıq.

- Mövsümün qalan oyunlarında lazım olan nəticəni əldə edə və avrokuboklara vəsiqə qazana biləcəksiniz?
- Hər oyuna final kimi yanaşmalıyıq. Bilirik ki, qarşıda 6 vacib görüşümüz var və buna uyğun hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, sonda sevinən tərəf biz olaq.

- Artıq bir mövsümdür ki, Kurban Berdıyev kimi təcrübəli məşqçi ilə çalışırsınız. Ondan bu müddətdə əsas nələri öyrənmisiniz?
- Əlbəttə ki, Berdıyevdən çox şey öyrənmişəm və öyrənməyə davam edirəm. Belə bir məşqçi ilə çalışmaq gələcək karyeramda mənim üçün çox faydalı olacaq. Bunu deyə bilərəm ki, ondan ilk növbədə kiçik nüansların futbolda böyük rol oynadığını öyrənmişəm.

- “Turan Tovuz”un əsas heyət üzvlərindən birisiniz, sizi mütəmadi olaraq meydanda görürük. Necə düşünürsünüz, yaxın gələcəkdə yığmanın qapısı sizin də üzünüzə açılacaq? Ümumiyyətlə, özünüzü millidə oynamağa tam hazır hesab edirsiniz?
- Əlbəttə ki, mən də milli komandaya dəvət almaq, o formanı geyinmək istəyirəm. Necə olacağına yığmanın baş məşqçisi qərar verəcək. Futbolçuları o seçir. Düşünürəm ki, məni öz taktikasına uyğun görərsə, dəvət göndərər. Dəvət etməsə belə, kimdənsə küsə bilmərəm. Həyat, futbolçu karyeram davam edir. Mən məşqlərdə daha çox işləməli, karyeramın daha yaxşı davam etməsi üçün çalışmalıyam. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest