Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Matç.az saytı xəbər verir ki, yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayaraq adını yarımfinala yazdırıb. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olan Şimali Koreya təmsilçisiylə ağır qarılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya sabah qızıl medal uğrunda Yaponiya güləşçisiylə mübarizə aparacaq.

Anjela Doroqanın da startı uğurlu alınıb. Yığma üzvü 1/8 finalda çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və yığma üzvünün məğlubiyyəti ilə nəticələnib. Rəqib finala çıxdığından Anjela sabah təsəlliverici görüşə çıxacaq.

Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionuyla üz-üzə gəlib. Güləşçimiz titullu rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala çıxdığı üçün Alyona sabah təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.

Elmira Qəmbərovanın Bolqarıstan təmsilçisi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib. Ancaq rəqibin finaladək irəliləməsi güləşçimizə təsəlliverici görüşdə özünə göstərmək imkanı verib. Qəmbərova sabah yenidən xalça üzərinə çıxacaq.

65 kq çəkidə mübarizə aparan İrina Netreba isə millimizin medal hesabını açıb. O, bürünc medal uğrunda yarışda ABŞ-lı Forrest Molinarini üstələyib və yarışı 3-cü pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest