İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, ötən gün 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib.

Azər Əhmədov ilk görüşdə alman rəqibinə uduzub.

Turan Bayramov 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub!

Elmar Kazımov ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün Elmar iyunun 8-də təsəlliverici görüş keçirib və Almaniya güləşçisinə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə güləşçisiylə həlledici görüş gərgin mübarizə şəraitində keçib. Sona 7 saniyə qalmış üstünlüyü əldən verən pəhləvanımız 5-ci yerlə kifayətlənib.

Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən Abubakr Avropa çempionu olub!

Sənan Əlizadə debütdə uğursuzluqla üzləşib. Ukraynalı güləşçi sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksələn tərəf olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest