İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək. Matc.az xəbər verir ki, Oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.
Yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start verib. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçir. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.
Qadınlarımız isə iyunun 8-dən Belarusdadı. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.