"Oyuna həm topla, həm də topsuz hakim idik. Bakıya gəldik, 2:0 hesabı ilə qalib gəldik və qapımızı toxunulmaz saxladıq".
İslandiya yığmasının yarımmüdafiəçisi Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyununu (2:0) şərh edib.
Matc.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib:
“Özümü əla hiss edirdim, xüsusilə də ilk hissədə. Çünki topa daha çox nəzarət edirdik. Oyuna həm topla, həm də topsuz hakim idik. Bakıya gəldik, 2:0 hesabı ilə qalib gəldik və qapımızı toxunulmaz saxladıq. İndi isə Ukraynanı məğlub etməyin vaxtıdır. Əgər pley-offa düşsək, dünya çempionatına vəsiqə qazanmaq üçün kifayət qədər şansımız olacaq”.
D qrupunun digər oyununda Ukrayna yığması səfərdə Fransaya 0:4 hesabı ilə məğlub olub. Hazırda həm İslandiya, həm də Ukrayna 7 xala malikdir. Lakin top fərqinin daha pis olması səbəbindən ukraynalılar pley-off şansını qorumaq üçün növbəti turda mütləq qələbə qazanmalıdır.












