İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Yarışa 1/4 finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Həşimova sabah bürünc medal uğrunda güləşəcək.
Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk mərhələdə bolqar rəqibinə birinci hissədə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Belarus idmançısıyla bacarmayıb.
Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün Soltanova sabah təsəlliverici görüşə çıxacaq.
Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığma üzvü ilk görüşdə ispan güləşçini "tuşe" ilə məyus edib. Ancaq daha sonra ukraynalı rəqibinə məğlub olub.