Bu gün Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev ötən həftə İspaniyanın Pontevedra şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında medal qazanmış güləşçilərlə görüşüb. Matc.az xəbər verir ki, onlara AGF adından pul mükafatları təqdim edilib.
Qurumun rəhbəri bildirib ki, bir müddət federasiyada problemlər yaşansa da, yenidən toparlanıb, ayağa qalxıblar: "Əlimizdən gələni edirik. Sözsüz ki, prezident İlham Əliyevin dəstəyinin böyük rolu var. Bunun da nəticəsində iş gedir. Federasiya yumruq kimi birlik nümayiş etdirməlidi. Güləşçilər də onlara yaradılan şərait müqabilində bacarıqlarını göstərməli, üzərlərində maksimum dərəcədə işləməlidilər. İnsan çalışmaqla hər şeyə nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb. Heç kim zəmanət verə bilməz ki, burda əyləşən gənclərdən kimsə gələn il Tokio Olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov Olimpiya Oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib, onları aradan qaldırmalısınız. Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına 1,5 ay qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdı. ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram".
Qeyd edək ki, gənclərin Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) ilə Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş və İslam Abuyev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Əsgər Əlizadə (60 kq) gümüş, Zaur Əliyev (55 kq) isə bürünc medalı boynundan asıb.