Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. Matc.az saytı xəbər verir ki, ikinci gündə samboçularımız mübarizəyə qoşulub.
Yığma üzvlərindən ilk olaraq Mehman Xəlilov xalça üzərinə çıxıb. 57 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda Vladislav Buroza (Belarus) məğlub olub. Bununla belə, medal şansını davam etdirən Xəlilov ermənistanlı Maksim Manukyana qalib gələrək, bürünc medal qazanıb.
Digər samboçumuz Emil Həsənov (68 kq) 1/4 finalda Laslo Jolt-Sokeyə (Rumıniya) qalib gəlib. Lakin o, yarımfinalda Mindia Liluaşviliyə məğlub olub. Təmsilçimiz bolqarıstanlı Martin İvanovu üstələyərək, "bürünc"ə layiq görülüb.
Yeganə xanım samboçu Gözəl Zutova (72 kq) 1/4 finalda Kamil Larosa (Fransa), təsəlliverici döyüşdə Lorena-Aleksandra Podelençiyə (Rumıniya) uduzaraq, yarışı başa vurub. Ceyhun Hüseynov (82 kq) da eyni aqibətlə üzləşib. O, öncə gürcüstanlı Besarionu Berulava, ardınca italiyalı Alesio Miçeliyə uduzub.