İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.
İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev (45 kq) əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Onun "qızıl" uğrundakı rəqibi Nikolozi Santeladze (Gürcüstan) olacaq.
Kənan Heybətov (51 kq) ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. İtaliya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. İdmançımız bürünc medal görüşünə çıxacaq. Onun rəqibi İlya Raxozov (Belarus) və ya Aid Salihasi (Makedoniya) olacaq.
Sabir Cəfərov (60 kq) debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. O, həlledici görüşdə ermənistanlı Genik Asaryanya üz-üzə gələcək.
Məhəmmədəli Əliyev (71 kq) yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.
Saqadulla Ağayev (92 kq) isə ilk mərhələdə Lyova Gevorqyana (Ermənistan) yenilib. Ancaq rəqibi finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxacaq. O, yunanıstanlı Qkivi Bliatze ilə münasibətlərinə aydınlıq gətirəcək.
Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.