ötən həftə İtaliyanın Faenza şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız Vətənə qayıdıb. Matc.az xəbər verir ki, bir qızıl, iki gümüş və dörd bürünc medalla komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Komandanı Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, güləşçilərin yaxınları, yeniyetmə pəhləvanlar və media nümayəndələri qarşılayıb.
Komandanı təbrik edən AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev yunan-Roma güləşi üzrə müvafiq yığmanın ardınca sərbəst güləşçilərin də Avropa çempionatında uğurlu çıxış etdiyini bildirərək bunda AGF rəhbərliyi tərəfindən yaradılan şəraitin, bir neçə ay davam edən təlim-məşq toplanışlarının, görülən sistemli fəaliyyətin böyük rolunun olduğunu qeyd edib və bu uğurlu çıxışın qarşıdan gələn Avropa Gənclərinin Yay Olimpiya Festivalı və dünya çempionatında da davam edəcəyinə inandığını dilə gətirib.
Daha sonra yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Əsgərxan Novruzov yarışla bağlı təəssüratlarını bölüşüb: "Avropa çempionatında 7 medal qazandıq. Əlbəttə, daha yaxşı nəticəyə də imza ata bilərdik. Bəzi çəkilərdə qızıl medal qazana bilərdik. Ancaq yeganə çempionumuz Sabir Cəfərov oldu. Bildiyiniz kimi, o, finalda erməni güləşçiylə qarşılaşdı. Ağır görüşdə qalib gəldi. Əsas məqsədimiz Bakıda keçiriləcək festivalda uğurlu çıxış etməkdir. Daha sonra isə dünya çempionatı başlayacaq. İlin əvvəlindən təlim-məşq toplanışlarımız məhz bu 3 yarışa hesablanmışdı. Əsas heyət festivalda çıxış edəcək".
Sonda Avropa çempionu Sabir Cəfərov bunları deyib: "çempion olmağımda çox insanın əməyi var. Məşqçilər başda olmaqla, onların hamısına minnətdarlığımı bildirirəm. Finalda erməniylə qarşılaşanda narahatlıq keçirmirdim. İdmanda udmaq da olar, uduzmaq da. Həyəcanlı deyildim, soyuqqanlı güləşirdim. Ancaq tribunada ona verilən dəstəyi görəndən sonra qazandığım qələbəni hədsiz sevinc hissiylə qeyd etdim. Bundan sonrakı hədəfim məşqçilərin köməkliyi ilə Bakıda keçiriləcək festivala hazırlaşmaqdı".
Qeyd edək ki, 153 xalla komanda hesabında Avropa ikincisi olan millinin heyətində Sabir Cəfərov (60 kq) qızıl, Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybtov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) bürünc medal qazanıb.