Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

 

Minsk-2019

Qadın güləşi

50 kq

Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, polşalı Anna Lukasiakı döşək üzərinə çıxmağına peşman edib - 10:0. Stadnik yarımfinalda Evin Dəmirhanla (Türkiyə) güləşib. Türk rəqibini mübarizədən kənarlaşdıran Mariya finala adlayıb. Qızıl yolunda onun son rəqibi ukraynalı Oksana Livaç olacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün "bürünc" medal şansı yaranıb. Bunun üçünsə ilk olaraq təsəlliverici görüşdə italiyalı Franseska İndelikatoya qalib gəlmək lazımdı.

62 kq

Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olub. Rəqibindən üstün olan Elmira finalda finalda Yuliya Tkaçla üz-üzə gələcək.

76 kq

Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşıb. Məğlub olan Səbirə şansını bürünc medal uğrunda sınayacaq. Onun rəqibinin adına sabah aydınlıq gələcək.

 

Bundan əlavə, ötən gün finala yüksələn iki güləşçimiz bu gün həlledici görüşlərdə qızıl medal axtarışına çıxacaqlar.

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib. Onun son rəqibi gürcüstanlı Vladimer Xiceqaşvili olub. Rio Olimpiadasının qalibi olan rəqibinə asanlıqla qalib gələn (10:2) Hacı qızıl medala sahib çıxıb. 

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Nurməhəmməd bu çəkinin şəksiz lideri rusiyalı Abdulrəşid Sadullayevlə üz-üzə gəlməli idi. Ancaq yarımfinalda zədələnmiş idmançımız final görüşünə çıxmaqdan imtina etdiyi üçün gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, ilk yarış günündən sonra millimiz 1 qızıl, 2 bürünc medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest