Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Hər üç təmsilçimiz yarışa 1/8 finaldan start verib.
Minsk-2019
Yunan-Roma güləşi
87 kq
Bu çəkidəki təmsilçimiz İslam Abbasov ilk rəqibi Nikolay Dobrevə aman verməyib. Serbiyalıya 8:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finalda Viktor Lorinçzi (Macarıstan) üstələyib - 3:0. Abbasov yarımfinalda xorvatiyalı İvan Huklekə heç bir şans verməyib (5:0). O, finalda Yan Belenyukla görüşəcək. Ukraynalı ilə duel sabah Bakı vaxtı ilə 14:40-da başlayacaq.
97 kq
Orxan Nuriyev Oyunlara Daniel Qastlla güləşərək başlayıb. Lakin onun startı uğursuz nəticələnib. Avstriya idmançısı həmyerlimizi 7:2 hesabı ilə məğlub edib. Qastl növbəti mərhələdə uduzduğundan, Nuriyevin bürünc şansı da qalmayıb.
130 kq
Sabah Şəriəti üçün ilk maneə xorvatiyalı Ante Milkoviç olub. Rəqibi üzərində 3:0 hesablı qələbə qazanan idmançımız 1/4 finalda Yakobi Kajaya (Gürcüstan) ilə bacarmayıb - 4:10. Gürcüstan güləşçisi finala yüksəldiyindən, Şəriətinin bürünc medal şansı qalıb. O, sabah təsəlliverici görüşdə litvalı Romas Fridrikasla üz-üzə gələcək. Bu cütün qalibi bürünc medal görüşündə Oskar Marviklə (Norveç) qarşılaşacaq.