"Çox məyusuq. Çünki iki oyundan ibarət mübarizəni nəzarət edə bilmədiyimiz bir səbəbdən uduzduq. Futbolçularımın göstərdiyi səylərə görə çox üzgünəm".

"Real" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Bavariya"ya 3:4 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi iki görüşün nəticəsinə görə (4:6) turnirdə mübarizəni dayandırıb. "Kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa qarşılaşmadan sonra açıqlama verib. İspaniyalı mütəxəssis 86-cə dəqiqədə Eduardo Kamavinqaya verilən qırmızı vərəqənin matçın taleyini həll etdiyini deyib:

"Belə bir oyunda bu cür vəziyyətə görə futbolçunu meydandan qovmaq olmaz. Aydındır ki, həmin anda qarşılaşmanın taleyi həll olundu. Bu, tamamilə izaholunmaz və ədalətsiz qərardır. Çox məyusuq. Çünki iki oyundan ibarət mübarizəni nəzarət edə bilmədiyimiz bir səbəbdən uduzduq. Futbolçularımın göstərdiyi səylərə görə çox üzgünəm. Düşünürəm ki, qələbə qazanmaq üçün ən yaxşı heyəti meydana çıxarmışdım. Münhenə yalnız qalib gəlmək üçün gəlmişdik. Bilirdim ki, "Bavariya" öz oyun üslubuna görə bizi müdafiədə düşünməyə məcbur edəcək.Hər bir futbolçu böyük zəhmət çəkdi. Onlar bu meydanda çox güclü komandaya qarşı böyük xarakter nümayiş etdirdilər. Doğrudur, ikinci hissədə dözməli olduğumuzu bilirdik. Yaratdığımız epizodları dəyərləndirə bilməmək sadəcə bəxtsizlik oldu. Futbolda əsas olan, qapıçıya yaxın olanda maksimum dəqiq və keyfiyyətli olmaqdır.

Bu vəzifəyə gəldiyim gündən məqsədim məşqçi kimi özümü sübut etmək olmayıb. Heç vaxt oyunları öz qərarlarımla qazanmaq istəməmişəm, futbolçulara meydanda kömək etməyə çalışmışam. "Bavariya", "Mançester Siti", "Atletiko" kimi komandalara qarşı oynamışıq. Avropada bir çox komandanın üzərində məşqçilərinin izi görünür. Mənim komandamda bu iz nə qədərdir, dəqiq deyə bilmərəm. Yəqin ki, qeyd etdiyim nümunələrdən daha azdır. Amma hər zaman klubuma bacardığım qədər kömək etməyə çalışmışam və son günə qədər də belə olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest