Tanınmış Portuqaliya futbol klubu "Boavişta" müflis elan edilib.

Matc.az xəbər verir ki, bu barədə "Publico" nəşri məlumat yayıb.

Bildirilir ki, "Boavişta"nın müflis elan edilə biləcəyi ilə bağlı məlumatlar hələ ötən ilin noyabrında yayılmışdı. Ağır maliyyə vəziyyəti səbəbindən klubun hətta Portuqaliya çempionatının dördüncü divizionunda qeydiyyatdan keçməsinə icazə verilməmişdi.

İndi isə klub müflis elan olunma prosedurunun başlanmasını təxirə salmaq üçün tələb olunan 55 min avro məbləğində aylıq ödənişi edə bilmədiyi üçün rəsmən müflis elan edilib.

Bununla da klub fəaliyyətini dayandıracaq. İyulun sonuna qədər "Boavişta" kluba məxsus olan bütün binaları boşaltmalıdır, bundan sonra klubun mövcudluğuna tamamilə son qoyulacaq.

Qeyd edək ki, klub 1903-cü ildə təsis edilib və 2000/2001 mövsümündə "Boavişta" ilk və hələ ki, sonuncu dəfə Portuqaliya çempionu olub. Klub həmçinin 5 dəfə ölkə kubokunu, 3 dəfə isə Superkuboku qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest