"çempion olmağı çox istəyirdim. Təəssüf ki, alınmadı. çalışacağam səhvimi Qazaxıstanda keçiriləcək dünya çempionatında düzəldim və qızıl medal qazanım". Matc.az xəbər verir ki, bunu Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medal qazanan yunan-Roma güləşçimiz İslam Abbasov deyib.

Belarusun paytaxtından vətənə dönən güləş yığamız turnirdə bir gümüş, bir bürünc medal əldə edib.

87 kq çəki dərəcəsində yalnız finalda məğlub olan Abbasov çatışmazlıqlarından söz açıb: "çatışmazlıq parterdə oldu. Bir az boşluğa yol verdim. Bunun üzərində daha çox işləyəcəm. Həmçinin ayaq üstə fəndlərimi təkmilləşdirməyə çalışacam. Nəticədə bir səhv belə buraxmadan rəqiblərə qalib gələcəyimə ümid edirəm. Finalda Jan Belenyuka uduzmağım psixoloji amillərlə bağlı deyildi. Ona qalib gəlməyə tam hazır idim. Ancaq az öncə də qeyd etdiyim kimi parterdə zəif çıxış etdim. O məni parterdə üstələdi. Amma dözümlülük və fiziki hazırlıq baxımından onu üstələdiyimi düşünürəm".

II Avropa Oyunlarında "bürünc"ə yiyələnən Sabah Şəriəti (130 kq) isə zədəyə görə, daha yaxşı nəticə göstərə bilmədiyini deyib: "Avropa Oyunlarında ikinci dəfə fəxri kürsüyə qalxdığım üçün şadam. Bakıda ikinci yeri tutmuşdumsa, Minskdə bürünc medal qazandım. Daha yaxşı nəticə qazanmağıma mane olan ötən il keçirilən dünya çempionatından sonra iki dəfə zədələnməyim idi. çalışacağam ki, dünya çempionatına daha yaxşı hazırlaşıb, daha uğurlu nəticə qazanım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest