Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Matç.az saytı xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yığmamız 2 medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli final görüşünə çıxıb. Avropa çempionu olan idmançımız finalda Jolaman Şarşenbekova (Qırğızıstan) elə ilk hissədə gücünü göstərərək (10:0) dünya çempionu olub.
Rəsul çunayev (72 kq) isə bürünc medalla kifayətlənməli olub. O, üçüncü yer uğrunda görüşdə Rusiya güləşçisi Abuiazid Mantsiqova qalib gəlib - 4:3.
Yarışı çempion kimi başa vuran Eldəniz Əzizli qələbəsini belə şərh edib: "Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidi. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. çünki istənilən halda, bu, dünya çempionatının finalı idi".
Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim olimpiya çempionluğudu".
Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini də bildirib.