"Mançester Siti" klubu, Madrid "Real"ında prezidentliyə namizəd olan Enrike Rikelmenin norveçli hücumçu Erlinq Halandın transferini təmin edəcəyinə dair verdiyi vəddən sonra məhkəməyə müraciət etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Mançester təmsilçisindən məsələ ilə bağlı verilən rəsmi açıqlamada İspaniya mətbuatında yer alan iddialar sərt şəkildə təkzib olunub:
"İspaniya mediasında yayılan məlumatlar yalandır. Bunun baş vermə ehtimalı yoxdur. Çünki keçidin reallaşması üçün müqavilədə hər hansı bir xüsusi bənd mövcud deyil. Oyunçumuzun imicindən seçki kampaniyasında qəsdən və qanunsuz istifadə edildiyi üçün məhkəməyə müraciət etməyi düşünürük".
Qeyd edək ki, "Real"ın prezidentliyinə namizəd Enrike Rikelme İspaniyanın məşhur "El Hormiguero" şousunda çıxışı zamanı Halandla bağlı transfer planlarından danışıb. Verilişdə o, üzərində Erlinqin adı yazılmış formanı və seçki kampaniyası çərçivəsində verdiyi vədləri özündə əks etdirən notarial qaydada təsdiqlənmiş rəsmi sənədi nümayiş etdirərək diqqət çəkməyə çalışıb.












