İyulun 21-dən 23-dək Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları keçiriləcək. Matc.az xəbər verir ki, yeniyetmə qızlardan ibarət yığmamız iyulun ilk günlərindən Olimpiya Güləş Mərkəzində Bakıda keçiriləcək festival çərçivəsində son təlim-məşq toplanışına başlayıb.
Komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. Toplanış iyulun 17-dək davam edəcək. Daha sonra millimiz Atletlər Kəndində məskunlaşaraq yarışın startını gözləyəcək.
Əlavə edək ki, yeniyetmə sərbəst güləşçilər Xaçmazda, yunan-Roma güləşçilərimiz isə Göygöldə toplanış keçir.
Qeyd edək ki, EYOF çərçivəsində güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Qızlar 46, 49, 51, 53, 57 və 65 kq-da, oğlanlar isə 45, 48, 51, 55, 60 və 65 kq-da çıxış edəcək. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.