"Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu". Matç.az saytı xəbər verir ki, bu sözlər "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanova məxsusdu.
Topaz Premyer Liqasının IX turunda "Dalğa Arena"da "Qəbələ"ni qəbul edən "gənclik şəhəri" təmsilçisi 2 top fərqi ilə öndə olmasına baxmayaraq, 1 xalla kifayətlənməli olub – 2:2.
Oyunsonrası mətbuat konfransında Süleymanov fikrini bu sözlərlə davam etdirib: "Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudu. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə "sındırırlar"? Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdı. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir".
- Mehdi Cənnətov hər iki qolda səhv etdi. Onun oyununu necə dəyərləndirirsiz?
- Kim meydanda olacaqsa, o, səhv edəcək. Göz önündə olan səhvlər görünür. Təhlil edib, bir daha baxacağıq.
- Atilla Yıldırıma qarşı səbr kasanız nə vaxt daşacaq?
- Elə Atillanı vurdular. Atilla oynayır, sadəcə, qol yoxdu. Hər şeyi zamana buraxaq. Qapıya zərbələr üzərində işləmək lazımdı. Qol fürsəti olsun ki, qol vura bilsin.
- İki qol imkanından düzgün yararlana bilmədi…
- İlk hissədə aldadıb zərbə vurdu, top dirəyin yanından keçdi. İrəlidə top saxlaya bilir. Bunlar üstünlükdü. Əlbəttə, biz hücumçunun qol vurmasını istərdik.
- İkinci hissənin əvvəllərində oyun getmirdi, amma dəyişiklik etmədiniz. Məsələn, Əfranı çıxara bilərdiz. Bunun səbəbi nə idi?
- Əfrana top gələndə hər zaman hiss edirsən ki, qol epizodu yarada bilər.
- Rəqib meydanda azlıqda qalanda hücuma keçmirdiz. Güc qalmamışdı?
- Komandanı hücumda görmürdüz? Futbolda azlıqda oynayanda əks-hücumla qol da vura bilərsən. Qvanzavı ona görə meydana buraxdıq ki, irəli çıxsın.
- Qələbə istəyi olan komanda 3-cü əvəzetməni bu qədər gec etməzdi…
- Hər bir futbolçuya şans veririk. Əlimizdə olan oyunçulardan istifadə edirik.
- ötən oyundan sonra Vurğun Hüseynovun cəzalanacağını demişdiz. Kapitan haqda ictimaiyyətə belə açıqlama vermək nə dərəcədə doğrudu?
- Nə cəza olacağını bilirsiz? Kim olur-olsun, səhv edən cəzasını almalıdı. Bu, klubun daxili işidi. Baş məşqçi də, kapitan da cəzalana bilər. Əlbəttə, cəzalanacaq.