"Maraqlı oyun oldu. Hesabda geri düşsək də, bərabərlik qollarını vurduq. Oyunda qalib gəlmək üçün də şanslarımız oldu, amma istifadə edə bilmədik". 

Matç.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt" komandası ilə 2:2-lik heç-heçədən sonra deyib. Daha sonra 29 yaşlı forvard jurnalistlərin suallarını cavablayıb. 

- 2 top fərqi ilə geridəydiniz və sonda bərabərliyi əldə etdiniz. Bunu qənaətbəxş nəticə saymaq olar?

- Əgər yuxarı yerlərə oynayırıqsa, bu nəticəni qənaətbəxş saya bilmərik. Amma 2 top geridən gəlib 1 xal qazandığımızı düşünəndə, bu yaxşı nəticədir.

- Rəqibin oyuna belə templə başlamağı sizi sarsıtmadı?

- Templi başladılar deməzdim, sadəcə standart vəziyyətlərdən yaxşı istifadə etdilər. Daha diqqətli olmalı idik. 2 qol buraxdıqdan sonra oyunda geridönüş etdik. İlk qolumuzu birinci hissədə vurduq. Qələbə də qazana bilərdik, amma olmadı.

- Oyunun sonlarında gərginlik yaşandı, siz özünüz də qırmızı vərəqə ilə cəzalandınız. Bu haqda nə deyə bilərsiniz?

- Dördündü hakimə qərarı səhv verdiyini dedim. O da mənə onunla qışqıraraq danışdığımı bildirdi. Sonra əsas hakimi çağırdı və mənə 2-ci sarı vərəqə göstərildi. Mən də təəccüb içində qalıb, olanları anlamağa çalışırdım. Mənim sözlərimi necə başa düşdüyünü anlamadım.

- Hakimə qarşı nalayiq ifadə işlətdin?

- Sarı vərəqə alana qədər heç bir nalayiq ifadə işlətmədim.

- Amma həmin sarı vərəqədən sonra bir-iki nalayiq söz dedin?

-  Haqsız yerə ikinci sarı vərəqə aldıqdan sonra hisslərimi cilovlaya bilmədim.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest