05 Sentyabr 2026, 13:20
FUTBOL
"Sabah" Futbol Klubu uşaq futbolunun davamlı inkişafına dəstək vermək məqsədilə 10 milyon manatlıq "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası Gələcəyin istedadları") proqramını təsis etdiyini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə ayrılan 5 milyon manatlıq maliyyə dəstəyi bu layihənin bünövrəsini qoyub. Klub rəhbərliyi dövlət başçısının göstərdiyi bu etimadı uzunmüddətli məqsədə yönəltmək qərarına gəlib və avrokuboklarda iştiraka görə əldə etdiyi gəlirdən daha 5 milyon manat vəsaiti bu proqrama əlavə edib. Beləliklə, layihənin ilkin kapitalı 10 milyon manat olaraq formalaşdırılıb.
Yaradılan fondun əsas prinsipi bu məbləği birbaşa xərcləmək deyil, onu peşəkar şəkildə idarə edərək qorumaq və artırmaqdır. Eyni zamanda, bu mövsüm UEFA Çempionlar Liqası oyunlarının bilet satışından əldə olunacaq gəlirlərin bir hissəsi də bura yönəldiləcək və fond gənc futbolçuların inkişafı üçün daimi maliyyə mənbəyinə çevriləcək.
Paytaxt təmsilçisi bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına xüsusi önəm verir. Layihə çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, istedadlı uşaqların aşkarlanması, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat və təhsil proqramlarının gücləndirilməsi nəzərdə tutulur. Klub uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, bütün perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaradacaq.
Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığı genişləndirərək, bu akademiyanı bölgənin aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Klub həmçinin yerli şirkətləri və beynəlxalq tərəfdaşları "Bünövrə Tərəfdaşı" formatında bu təşəbbüsə qoşulmağa dəvət edib. Yaxın gələcəkdə proqramın idarəetmə modeli və fəaliyyət prinsipləri barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim olunacaq.













